Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Qitə birinciliyinin 4-cü günündə qadınlardan ibarət millinin 2 üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mariya Stadnik (50 kq) ənənəsinə sadiq qalaraq, növbəti dəfə Avropada rəqib tanımadığını isbatlayıb. Dünya qadın güləşinin canlı əfsanəsi finalda Evin Demirhana “tuş”la qalib gələrək 10-cu dəfə Avropa çempionu olub!
Alyona Kolesnik (59 kq) də nəhayət, titula qovuşub. Bunadək analoji yarışlarda 3 bürünc medal qazanmış Kolesnik çempionluq arzusunu 29 yaşında gerçəkləşdirib. Alyona həlledici görüşdə ukraynalı Alina Filipoviçi sonuncu xal prinsipinə əsasən (3:3) məğlub edib.