Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Millimiz növbəti dəfə rekorda imza atıb.
Belə ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olub. Rəşad Məmmədovla (55 kq) Ülvi Qənizadə (72 kq) ikinci Beka Kandelaki (130 kq) üçüncü yeri tutub.
Medalların əyarına görə 1-ci yeri tutan yığmamız xallarla hesablama sisteminə görə, 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada ikinci pillədə qərarlaşıb. Millimiz çempion olan Türkiyədən cəmi 5 xal geri qalıb.