“Təhsil” beynəlxalq turnirinə start verilib

Yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinə start verilib

Dekabrın 5-də yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turnirinin açılış mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, açılış mərasimi bədii hissə ilə davam etdirilib, sonra müxtəlif çəki dərəcələri üzrə final yarışları baş tutub, qaliblər rəsmi şəxslər tərəfindən mükafatlandırılıb.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, tərəfdaş qurumların rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turniri Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir.

Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır. 7 gün davam edəcək turnir 11 dekabr tarixində başa çatacaq.

Turnirin keçirilməsində məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir