Üç qadın güləşçimiz U-23 dünya çempionatında çıxış etdi

Üç qadın güləşçimiz U-23 dünya çempionatında çıxış etdi

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Yarışın 3-cü günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Şəhanə Nəzərova (50 kq) ilk görüşdə dünya və olimpiya çempionu Yui Susakiylə bacarmayıb – 0:10. Yaponiya güləşçisi finala yüksəldiyi üçün Nəzərova təsəlliverici görüşə qatılıb. Şəhanə tunisli Afrika çempionu Sarra Hamdiylə qarşılaşmada sonuncu xal prinsipinə (1:1) əsasən məğlub olub.

Elnurə Məmmədova (55 kq) startda son Avropa çempionu, ötən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rumıniyalı Andrea Beatrisi “tuş”la mübarizədən kənarlaşdırıb. Ancaq amerikalı Alişa Hovkla görüşdə ayağından zədələnən Məmmədova qarşılaşmanı davam etdirə bilməyib.

Jalə Əliyeva (59 kq) isə 1/8 finalda hindistanlı Mansi Mansiyə uduzub – 4:10.

//