Sərbəst güləşçilər reytinq turnirində 4 medal qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsi sona çatıb.

Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb.

65 kq

Əli Rəhimzadə 1/8 finalda hindistanlı Kumar Anuja minimal fərqlə qalib gəlib – 7:6. Ancaq həmyerlimiz 1/4 finalda argentinalı Aqustin Destribatsla bacarmayıb – 1:3.

74 kq

Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), 1/8 finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığma üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən (3:3) qələbə qazanan Cəbrayıl finala adlayıb.

Bu çəkidə yer alan digər güləşçilərimiz mübarizəyə 1/8 finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyükhesablı qələbə əldə edib. Bayramov 1/4 finalda türkiyəli olimpiya və 2 qat dünya üçüncüsü, 3 qat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı “tuş”la məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib. Komanda yoldaşına 7:4 hesabıyla qalib gələn Turan finalda iştirak hüququ qazanıb.

Xadjimurad bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabıyla məğub edərək üçüncü yeri tutub. Finalda isə Turanla Cəbrayıl güləşib. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbəylə ayrılan Bayramov qızıl, Qadjiyev isə gümüş medal qazanıb. 

86 kq

Abubakr Abakarov ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. Abakarov 1/4 finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabıyla üstələyərək yarımfinala vəsiqə qazanıb. Abubakr qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib.

Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir