Sinqapurda çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi baş tutub.
Yarışda ölkəmizi 3 güləşçi təmsil edib.
Rübail İbrahimli (70 kq) D qrupunda fransalı Kuentin Stikerlə (2:1) macarıstanlı Battulqa Raaşa (3:1) qalib gəlib, çinli Şiyian Jouya (1:1) sonuncu xal prinsipinə əsasən uduzub. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Levan Kelexsaşviliyə 1:3 hesabıyla məğlub olub.
İbrahim Yusubov (90 kq) A qrupunda rumıniyalı Mihay Palagiya (3:1), belçikalı Yonas Van Kaenegem (3:0) və pakistanlı Muhammad İnamı (3:0) üstələyib. Yarımfinalda türkiyəli Mahmut Özkaya (2:6) ilə bacarmayan təcrübəli güləşçimiz seneqallı Sini Sembeneyə (4:0) heç bir şans tanımayaraq bürünc medala sahib çıxıb.
Oyan Nəzəriani (+90 kq) A qrupunda gürcüstanlı Mamuka Kordzayaya minimal fərqlə uduzub – 0:1. Nəzəriani serbiyalı Maqomedqadji Nurasulovla (3:1) yaponiyalı Masayuki Amanoya (3:0) qalib gəlsə də, qrupdan çıxa bilməyib.
Qeyd edək ki, bu mərhələ Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən sonuncu yarış olub. Beləliklə, avqustun 10-11-də İndoneziyanın Bali şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında ölkəmiz çimərlik güləşində 70, 80, 90 və +90 kq-da iştirak hüququ qazanıb.