Əsgərxan Novruzov: “Əlimizdən gələni edəcəyik ki, İstanbulda dünya çempionu olaq”

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

4 qızıl və 3 bürünc medal əldə edən millimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb.

Əsgərxan Novruzov, böyük məşqçi:

“Belə möhtəşəm qarşılamaya görə təşəkkürümüzü bildiririk. Ötən il 6 qızıl medal qazanmışdıq. Komanda hesabında çempion olmuşduq. Ancaq bu nəticəni hər dəfə təkrarlamaq olmur. Bu il Rusiya və Belarus güləşçiləri də iştirak edirdi. Buna baxmayaraq, 4 qızıl və 3 bürünc medal qazana bildik. Komanda hesabında 2-ci olsaq da, 10 mümkün qızıldan 4-nü biz əldə etdik. Bəzi çəkilərdə zəif çıxış etdik. Dünya çempionatında bəzi çəkilərdə başqa güləşçilərə şans verəcəyik. Əlimizdən gələni edəcəyik ki, İstanbulda komanda hesabında ilk dəfə dünya çempionu olaq. Hacı və Yusif finalda erməni güləşçilərlə qarşılaşdı. Həmin gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Bu qələbələri o başda olmaqla, bütün şəhidlərimizin ruhuna həsr edirik”.

Cəfər Cəfərov, Avropa çempionu:

“Ən çətin görüşüm Türkiyə güləşçisiylə oldu. Digər rəqiblərlə qarşılaşmalar rahat alındı. İnşallah, dünya çempionu da olarıq”.

Hacı Kərimov, Avropa çempionu:

“Türkiyə, Rusiya, Fransa və Ermənistan güləşçilərinə qalib gələrək Avropa çempionu oldum. Qələbəmi bütün şəhidlərimizə həsr edirəm. Allah onlara rəhmət eləsin. İnşallah, dünya çempionatında komanda hesabında bundan da yaxşı nəticə göstərərik”.

Camal Abbasov, Avropa çempionu:

“Ötən il Rumıniyada Avropa çempionu olmuşdum. Bu dəfə də Albaniyada qızıl medal qazandım. 2022-ci ildə dünya çempionatında uğursuzluqla üzləşdim. Bu dəfə çalışacağam ki, Türkiyədə medal qazanım”.

Yusif Dursunov, Avropa çempionu:

“Ötən il qızıl medal qazanmışdım. Bu il də eyni nəticəni təkrarladım. 4 qızıl, 3 bürünc medal böyük nəticədir. Bunda məşqçilərimizin rolu böyükdür. Millimizin məşqçilərinə və şəxsi məşqçimə təşəkkür edirəm. Yusif müəllimə də Allahdan rəhmət diləyirəm. İnşallah, bu uğurlu nəticələrin davamı gələr. Əziyyətimiz yerdə qalmaz. Bu il gənclərin Avropa çempionatında da iştirak edəcəyəm. Çətin olsa da, həmin yarışda da çempion olmaq istəyirəm”.    

Xatırladaq ki, komandamızın heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir