Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatı start götürüb.
İlk yarış günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb.
Ceyhun Allahverdiyev (61 kq) türkiyəli Emre Kurala 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Tairbek Jumasbekə məğlub olub – 5:8.
Cəbrayıl Qadjiyev (74 kq) 1/8 finalda hindistanlı Navin Navinə uduzub – 3:5.
Arseni Djioyev (86 kq) debütdə ermənistanlı Muşeq Mkrtçyana heç bir şans tanımayıb – 10:0. Ancaq 1/4 finalda rusiyalı Arslan Baqayevlə bacarmayıb – 0:6.
Abdulcəlil Şabanov (92 kq) startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 4:1. Həmyerlimiz 1/4 finalda moldovalı Yon Demyana məğlub olub – 2:12. Rəqib finala yüksəldiyi üçün Şabanov təsəlliverici görüşə çıxıb və qazaxıstanlı Nurdaulet Bekenova tam üstünlüklə (10:0) qalib gəlib. Abdulcəlil gürcüstanlı Andro Marqişvilidən də güclü olmaqla (14:11) bürünc medalı boynundan asıb.
Vaxit Qalayev (125 kq) 1/8 finalda kanadalı Karanvir Mahili mübarizədən kənarlaşdırıb – 4:0. Ancaq yarımfinal yolunda türkiyəli Adil Mısırcıya uduzub – 0:11. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Qalayev belaruslu Aleksey Parka aman verməyib – 10:0. Hindistanlı Kumar Anirunu da eyni hesabla məyus edən Vaxit bürünc medala sahib çıxıb.

