Bakıda məşqçilər üçün seminar keçirilib

Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarı davam edir.

Növbəti tədbir bu gün Bakıda keçirilib. 140-a yaxın məşqçinin qatıldığı seminarın nəzəri hissəsi Excelsior otelinin akt zalında baş tutub.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra AGF rəsmiləri çıxış edib və estafeti mütəxəssislərə veriblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov, sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev öz sahələri üzrə önəmli məlumatları paytaxt məşqçilərinin diqqətinə çatdırıb.

AGF-nin təlim-məşq bazasında keçirilən praktiki hissədə Vahid Məmmədov, yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Emin Əhmədov və l-S kateqoriyalı hakim Sədi Quliyev xalça üzərində müxtəlif güləş elementlərinin icrasını əyani surətdə nümayiş etdirib. Sonda iştirakçılara AGF-nin sertifikatları təqdim edilib.

Qeyd edək ki, seminarın son dayanacağı Naxçıvan olacaq. Muxtar Respublikada keçiriləcək tədbir oktyabrın 25-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir