9 medal və komanda hesabında çempionluq
İyun 27, 2022
İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirinə yekun vurulub.
Yarışın son günündə 57, 61, 65, 70, 74, 79, 86 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.
Əfqan Xaşalov (57 kq) ilk mərhələdə türkiyəli Şaban Kızıltaşa sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub. Onunla eyni çəkidə çıxış edən Əliabbas Rzazadə isə gürcüstanlı Roberti Dinqaşviliyə (17:8), ukraynalı Kamil Kərimova (10:0) və almaniyalı Horst Lerə (5:3) qalib gələrək qızıl medal qazanıb.
61 kq-dakı təmsilçilərimiz fəxri kürsündən kənarda qalıb. Tural Hüseynov startda gürcüstanlı Teymuraz Vanişviliyə uduzub – 9:12. İslam Bazarqanovun gücü isə yalnız ukraynalı Taras Markoviçə çatıb – 8:5. Milli üzvü yarımfinalda Ukraynanın digər təmsilçisi Andrey Celepə (0:10), bürünc medal uğrunda görüşdə isə Teymuraz Vanişviliyə (3:7) yenilib.
Əli Rəhimzadə (65 kq) italiyalı Daniel Pukino (10:5) və fransalı Arman Eloyan (6:0) üzərində qazandığı qələbələrlə yarımfinala yüksəlib. Finalın bir addımlığında ukraynalı Erik Aruşanyana məğlub olan (0:10) Əli rumıniyalı Nikolay Oxlopkovu (4:1) üstələyərək reytinq turnirini 3-cü yerdə başa vurub.
70 kq-da millinin 3 üzvü çıxış edib. Bu dəfə özünü yuxarı çəkidə sınayan Hacı Əliyev ukraynalı İqor Nikiforukla (tuşe) slovakiyalı Daniel Xomanikə (10:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Servet Coşkun (2:1) və gürcüstanlı Zurabi Yakobişvilini (4:3) məğlub etmiş Coşqun Əzimovla üz-üzə gəlib. Ancaq titullu güləşçimiz komanda yoldaşıyla görüşə çıxmayıb. Belədə Coşqun adını finala yazdırıb.
Öz növbəsində Murad Yevloyev türkiyəli Cüneyt Budak (7:3), italiyalı Canluka Talamo (11:3) və moldovalı Pavel Qrauru (5:3) yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə Coşqun Muraddan güclü olub – 6:1. Hacı isə bürünc medal uğrunda mübarizədə Servet Coşkunu məyus edib – 4:3.
74 kq-da da ölkəmizi 3 güləşçi təmsil edib. Xadjimurad Qadjiyev təsnifat mərhələsində dünya ikincisi və ikiqat Avropa çempionu Teymuraz Salkazanova (Slovakiya) minimal fərqlə uduzub – 2:3. Turan Bayramov israilli Miçel Finesilver (2:1) və gürcüstanlı Otari Baqaurini (10:0), Cəbrayıl Qadjiyev isə braziliyalı Sezar Alvanla (14:9) moldovalı Vasile Diakonu (2:2) üstələrəyək yarımfinala vəsiqə qazanıb. Turan yarımfinalda Cəbrayıldan güclü olub – 5:3. Bayramov finalda Salkazanovla bacarmayıb – 0:4. Xadjimurad gürcüstanlı Dimitri Jioeviyə tam üstünlüklə (12:2) qalib gələrək bürünc medala yiyələnibsə, Cəbrayıl Miçel Finesilverə 4:6 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində gürcüstanlı Evsem Şvelidzeyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 3:3. Bu çəkidəki digər təmsilçimiz Xadjimurad Omarov isə rumıniyalı Yakub Şixcamalovla (1:3) slovakiyalı Axsarbek Qulayevə (2:3) uduzub.
86 kq-da Abubakr Abakarovla Orxan Abasov fərqli nəticələr göstərib. Abakarov moldovalı Georgi Rubayev (6:3), latviyalı İvars Samusonoks (10:0), slovakiyalı Boris Makoyev (8:6) və gürcüstanlı Tarzan Maysuradzeyə (3:2) hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abasov isə Gürcüstan millisinin üzvlərinə – Tarzan Maysuradzeylə (1:9) Zaur Beradzeyə (2:7) uduzub.
Osman Nurmaqomedov (92 kq) gürcüstanlı Miriani Maysuradzeyə (10:1), avstriyalı Benjamin Qreylə (10:0) və Gürcüstanın digər təmsilçisi Saba Çixradzeyə (10:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Miriani Maysuradze xalçaya çıxmadığı üçün Osman baş mükafata yiyələnib.
Beləliklə, sərbəst güləş üzrə millimiz reytinq turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (145) ikinci, Türkiyə (114) isə üçüncü pillədə qərarlaşıb.





