Yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib

Yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib

Sabah Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı start götürəcək.

Yarışın ilk 2 günündə yunan-Roma güləşi üzrə ölkə çempionları müəyyənləşəcək.

Bu gün çempionatla bağlı məşqçilərin iclası keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edib.

İclasda hər zaman olduğu kimi, məşqçilərdən nizam-intizam qaydalarına və etik normalara maksimum riayət etmək və bu barədə idmançıları təlimatlandırmaq tələb olunub. Bu yarışda fərqlənəcək güləşçilərin milli komandaların təlim-məşq toplanışlarına cəlb ediləcəyi və Paris-2024-ə gedən yolda bu çempionatın böyük önəm kəsb etdiyi vurğulanıb. İclasda digər vacib məsələlər də mütəxəssislərin nəzərinə çatdırılıb, həmçinin onların fikirləri dinlənilib. Daha sonra yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, görüşlər hər gün saat 10:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar 16:30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq. Arenaya giriş sərbəstdir.