Nihad dünya çempionu oldu, Laçın bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Nihad Quluzadə (55 kq) yunanıstanlı İlias Zairakisə (9:0) və yaponiyalı Tayqa Onişiyə (9:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Karapet Manvelyanı minimal fərqlə (2:1) xalçadan məyus yola salan Nihad həlledici görüşdə rumıniyalı Denis Mihaydan (6:1) güclü olaraq qızıl medal qazanıb.
Ziya Babaşov (63 kq) ilk görüşdə amerikalı Hayden Druriyə (8:0) çətinlik çəkmədən qalib gəlsə də, 1/4 finalda yaponiyalı Çiezo Maruyama (tuşe) ilə bacarmayıb.
Xasay Həsənli (77 kq) ermənistanlı Henrik Gevorqyan (tuşe) və qırğızıstanlı Nurel Duişonbekov (3:2) üzərində əldə etdiyi qələbələrlə 1/4 finala vəsiqə qazanıb. Ancaq onun yarımfinala yolunu türkiyəli Yüksel Sarıçiçek bağlayıb – 2:4. Təsəlliverici görüşdə amerikalı Con Cakobsona 3:1 hesabıyla qalib gələn Xasay bürünc medal uğrunda mübarizədə moldovalı Aleksandrin Qutuya uduzub – 5:11.
Laçın Vəliyev (87 kq) rumıniyalı Patrik Qordanı (5:1), türkiyəli Furkan Taşı (3:1) və moldovalı Qabriel Lupaskonu (10:5) mübarizədən kənarlaşdırıb. İranlı Əbülfəzl Əli Çobani ilə yarımfinal qarşılaşmasında ayağından zədələnən Vəliyev finala çıxa bilməyib. Laçın koreyalı Donqyun Yuna 9:0 hesabıyla qalib gələrək bürünc medalla təsəlli tapıb.


























