Məhəmməd Qasımzadə də Avropa çempionu oldu!

Məhəmməd Qasımzadə də Avropa çempionu oldu!

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən idmançılar mübarizəyə qoşulub. 

Yarışa 1/4 finaldan start verən Hüseyn Savadov (45 kq) gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabıyla qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib. Ancaq Savadov finalın bir addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb – 1:5. Hüseyn rumıniyalı Yonut Mereutaya 6:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0 hesabıyla qalib gələrək qitə birinciliyinə inamlı başlayıb. Qasımlı 1/4 finalda erməni Aleks Marqaryanı “tuşe” ilə xalçadan məyus yola salıb. Vədat yarımfinalda almaniyalı Lukas Benzinqi də vaxtından əvvəl məğlub edib – 8:0. Həmyerlimiz finalda gürcüstanlı Anri Xozrevanidzeyə uduzub – 1:4. 

Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib – 8:7. Qasımzadə 1/4 finalda heç bir çətinlik çəkmədən moldovalı Vladimir Paskaridən güclü olub – 9:0. Məhəmməd yarımfinalda finlandiyalı Oliver Aleksandr Pada üzərində tam üstünlüklə qələbə (9:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz qızıl medal uğrunda gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparıb. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Məhəmməd Avropa çempionu olub.  

Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel Rindoneyə heç bir şans tanımayıb – 8:0. Məmmədov 1/4 finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb  – 9:0. Davud yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabıyla məğlub edib. Güləşçimiz finalda türkiyəli İbrahim Özdemir minimal fərqlə (1:2) uduzub. 

Mikayıl İsmayılov (92 kq) 1/8 finalda finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1.