Güləş üzrə beynəlxalq “Təhsil” turniri keçiriləcək

Dekabrın 16-dan 19-dək yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq “Təhsil” turniri keçiriləcək.
Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarış 17 yaşadək yeniyetmə idmançılar arasında baş tutacaq.
Bakı İdman Sarayında keçiriləcək yarışda uşaq-gənclər idman məktəblərindən, idman təşkilatlarından və xarici ölkələrdən komandalar iştirak edəcək. Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və “Təhsil Respublika İdman Mərkəzi”nin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.
Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edəcək.
Turnirin təntənəli açılış mərasimi dekabrın 16-da saat 17:00-da baş tutacaq. Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq. Final görüşləri isə 17:30-da start götürəcək. Arenaya giriş pulsuzdur.
