DÇ-nin son günündə 2 qızıl və 1 bürünc medal

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı başa çatıb.
Mundialın son günündə güləşçilərimizin üçü fəxri kürsüyə qalxıb.
Nihat Məmmədli (60 kq) gürcüstanlı Dimitri Xaçidzeyə (11:0) və bolqarıstanlı Borislav Kirilova (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olan Nihat yaponiyalı Koto Qomini (3:3) eyni qaydalar çərçivəsində üstələyərək bürünc medal qazanıb.
Kənan Abdullazadə (67 kq) moldovalı Aleksey Xaxlovskiyə (8:3), türkiyəli Onur Yurtadaya (9:7), özbəkistanlı İlyascan Abdinazarova (4:3), qazaxıstanlı Məhəmməd Qoşqara (9:2) və gürcüstanlı Nika Broladzeyə (4:1) qalib gələrək dünya çempionu olub.
Qurban Qurbanov (72 kq) meksikalı Elsi Martinesə (8:0), almaniyalı Aaron Belşeyditə (4:1), rumıniyalı İqor Botezə (7:1), ukraynalı İrfan Mirzoyevə (5:0) və moldovalı Aleksandru Soloveyə (4:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rauf Əliyev (82 kq) təsnifat mərhələsində finlandiyalı Conni Sarkkinenə 1:2 hesabıyla məğlub olub.
























