Cəbrayıl Qadjiyev dünya çempionu oldu

Cəbrayıl Qadjiyev dünya çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Ceyhun Allahverdiyev (61 kq) ilk mərhələdə finlandiyalı Akseli Erkkola xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Allahverdiyev daha sonra Cənubi Afrika təmsilçisi Mika Lemkuelə 10:0 hesabıyla qalib gələrək 1/4 finala adlayıb. Ancaq 1/4 finalda yaponiyalı Yuto Nişuçiyə 0:8 hesabıyla məğlub olub. Allahverdiyev təsəlliverici görüşdə ermənistanlı Hayk Abrahamyana gücünü göstərsə də (3:1), bürünc medal uğrunda görüşdə hindistanlı Kumar Mohitə məğlub olub – 0:7.

Cəbrayıl Qadjiyev (74 kq) qırğızıstanlı Ulukbek Asilbekova (13:0), polşalı Kamil Barlovskiyə (10:0), özbəkistanlı Cəfər Çuliboyevə (10:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Qadjiyev gürcüstanlı Luka Çxitunidzeni 5:2 hesabıyla üstələyərək finala adlayıb. Cəbrayıl həlledici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya “tuşe” ilə qalib gələrək dünya çempionu olub.

Səbuhi Əmiraslanov (86 kq) hindistanlı Cointi Kumara (7:5), qazaxıstanlı Muslim Jakislikə (6:2), və monqolustanlı Batbilquun Naadambata (17:7) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda fransalı Raxim Maqamadovla bacarmayan (2:11) Səbuhi bürünc medal uğrunda görüşdə iranlı Aref Rancbariyə də uduzub – 1:3.