Azərbaycan Dünya Kubokunda ikinci oldu

Azərbaycan Dünya Kubokunda ikinci oldu

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna yekun vuruldu.

Saat 17:00-da bürünc medal uğrunda görüşdə Türkiyə və Dünya yığması üz-üzə gəldi. Təbii ki, qardaş ölkənin idmançıları azarkeş dəstəyi altında güləşirdi. Yerli publikanın verdiyi motivasiya ilə çıxış edən türkiyəli güləşçilər çox çalışsalar da, qələbə qazana bilmədilər. Yekun hesab 5:5 oldu. Ancaq fərdi görüşlərdə dünyanın müxtəlif ölkələrdən seçilmiş pəhləvanlara daha böyükhesablı qələbələr qazandıqları üçün bürünc medal Dünya yığmasına qismət oldu.

55 kq
NuqzariTsurtsumia– Muhammet Emin Çakır 10:7

60 kq
Aidos Sultangali – Mukremin Aktaş7:1

63 kq
Leri Abuladze – Ahmet Uyar 3:1

67 kq
Coni Xetsuriani – Murat Fırat 1:1*

72 kq
Andrey Kulik – Selçuk Can 4:3

77 kq
Zoltan Levay – Yunus Emre Başar 6:7

82 kq
Jalqasbay Berdimuratov – Burhan Akbudak 5:8

87 kq
Aleks Keysidis – Ali Cengiz 2:4

97 kq
Nikolos Kaxelaşvili – Metehan Başar *1:1

130 kq
Mantas Knistautas – Fatih Bozkurt 1:4

Sözsüz ki, tribunalar 18:00-dan etibarən dolmağa başladı. Hələ gündüz saatlarında Bakı İdman Sarayında anşlaq olacağı bəlli idi. Çünki bütün biletlər satılmışdı. Bilet tapa bilmək üçün arenaya gələn nə qədər azarkeş məyus halda geri qayıtmaq məcburiyyətində qaldı.

Dolu tribunaların mütləq əksəriyyəti millimizin üzvlərinin qələbəsini arzulayırdı. Az sayda iranlı güləşsevərlər də arenada var idi. Final gözlənildiyi kimi, olduqca gərgin mübarizə şəraitində baş tutdu. 

Start uğurlu alındı. İkiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) Puya Dad Marza 4:1 hesabıyla qalib gəldi. Nihat Məmmədli (60 kq) çox çalışsa da, Mehdi Necada minimal hesabla məğlub oldu – 4:5. Təəssüf ki, Taleh Məmmədov (63 kq) İman Məhəmmədiyə müqavimət göstərə bilmədi – 0:8. Həsrət Cəfərovun Seyid Söhrabiylə görüşü azarkeşlərin böyük marağına səbəb oldu. Gənc güləşçimizin gözəl fəndlə 4 xal qazandığı epizodda tribunalardakı coşğunu görməyə dəyərdi. Onun qələbəsi (5:1) ümumi hesabı bərabərləşdirdi – 2:2. Ülvü Qənizadə (72 kq) minimal fərqlə Məhəmmədrza Rüstəmini üstələdi – 4:3. Sənan Süleymanov (77 kq) növbəti dəfə gözəl güləş nümayiş etdirərək azarkeşlərin zövqünü oxşadı. Ciddi zədəsi olmasına baxmayaraq, Sənan Arif Həbibullahi üzərində inamlı qələbə qazandı – 7:1. Rafiq Hüseynov (82 kq) növbəti dəfə təcrübəsini işə saldı və Məhəmmədhüseyn Mahmudidən güclü oldu – 5:1. 

Artıq ümumi hesab 5:2 idi və komandamıza yekunda kuboku qazanmaq üçün cəmi 1 qələbə qazanmaq kifayət idi. Təəssüf ki, ağır çəkilərdəki təmsilçilərimiz bu missiyanın öhdəsindən gələ bilmədi. Murad Əhmədiyev Əbülfəzl Çobaniyə minimal fərqlə (1:2) məğlub oldu. Digər iki çəkidə qələbə qazanmaq ümid yaranmışdı. Çünki həm Arif Abdullayev (97 kq), həm də Beka Kandelaki (130 kq) görüşə çox yaxşı başlamışdı. İlk hissəni öndə tamamlasalar da, yekunda qələbə qazanmağa gücləri çatmadı. 

55 kq
Eldəniz Əzizli – Puya Dad Marz 4:1

60 kq
Nihat Məmmədli– Mehdi Necad 4:5

63 kq
Taleh Məmmədov – İman Məhəmmədi 0:8

67 kq
Həsrət Cəfərov – Seyid Söhrabi 5:1

72 kq
Ülvü Qənizadə – Məhəmmədrza Rüstəmi 4:3

77 kq
Sənan Süleymanov – Arif Həbibullahi 7:1

82 kq
Rafiq Hüseynov – Məhəmmədhüseyn Mahmudi 5:1

87 kq
Murad Əhmədiyev – Əbülfəzl Çobani 1:2

97 kq
Arif Niftullayev – Mehdi Balihamzadə 2:5

130 kq
Beka Kandelaki – Əliəkbər Yusufiahmadçali 3:6

Beləliklə, millimiz Dünya Kubokunu gümüş medalla başa vurdu.