Çimərlik güləşi



Güləşin ən gənc növüdür. 2004-cü ildə yaradılan bu güləş növü üzrə yarışlar digərlərindən fərqli olaraq, açıq havada və qum üzərində keçirilir. Bu, güləşin daha dinamik və əyləncəli növü sayılır. O, həm tamaşaçılar, həm də idmançılar üçün daha əlçatan və vizual baxımdan cəlbedici formada təqdim olunur. Çimərlik güləşinin yaradılmasının əsas məqsədi güləşi daha geniş auditoriyaya çatdırmaq, yay mövsümündə və turistik zonalarda onun populyarlığını artırmaqdan ibarətdir.
Çimərlik güləşi üzrə ilk dünya çempionatı 2006-cı ildə Türkiyədə keçirilib. 2019-cu ildən etibarən dünya çempionları il ərzində keçirilən Dünya Seriyasının mərhələ yarışlarında toplanan xallara əsasən müəyyənləşir. Dünya Seriyası 4 və ya 5 mərhələdən ibarət olur. Çimərlik güləşi Beynəlxalq
Olimpiya Komitəsi tərəfindən Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Güləşin bu növünün yaxın gələcəkdə böyüklər arasında Olimpiadanın proqramında da yer alacağı istisna deyil.
Çimərlik güləşi vaxt və qaydalara görə digər növlərdən kəskin fərqlənir. Burada parter vəziyyəti yoxdur. Mübarizə yalnız ayaqüstə davam edir. Görüşün tam vaxtı 3 dəqiqədən ibarətdir. Ancaq 3 xal həddinə ilk çatan güləşçi vaxtından əvvəl qalib elan edilir. Görüşlər dairəvi qum meydançasında (diametri təxminən 7 metr) keçirilir. Daha sadə qaydalarla keçirilən çimərlik güləşində rəqibin dizlərini, qurşaqdan yuxarı hissəsini yerə vurmaq və ya rəqibi dairədən kənara çıxarmaqla xal qazanılır. Çimərlik güləşində məhsuldar hərəkətlər (fəndlər) 1 və ya 3 xalla qiymətləndirilir. Görüşün sonunda hesab bərabər olarsa, sonuncu xalı alan güləşçi qalib elan edilir.
Bu növlə məşğul olan idmançıların geyimi yalnız şortdan ibarətdir. Güləşin bu növündə daha çox dayanıqlılıq, tarazlıq və fizi güc ön plana çıxır. Qum üzərində yüksək səviyyədə güləşmək üçün güclü ayaq əzələlərinə sahib olmaq əsas şərtlərdən biridir. Bu növdə dözümlülük də vacib amillərdən biridir. Çünki hər bir texniki hərəkət daha çox enerji sərf etdirir. Çimərlik güləşində kişilər 70, 80, 90 və +90 kq, qadınlar isə 50, 60, 70 və +70 kq çəki dərəcələrində mübarizə aparır.
Azərbaycanda güləşin bu növü 2019-cu ildən inkişaf etdirilir. 2022-ci ildə həm U17, həm də U20 yaş qrupunda milli komandalarımız dünya və Avropa çempionu olub. Dünya Çimərlik Oyunlarında da fərqlənən idmançılarımız bir neçə dəfə fərdi qaydada dünya çempionu ünvanına da sahib çıxıblar. Bu növdə ən parlaq simalarımız Oyan Nəzəriani, İbrahim Yusubov və Ramiz Həsənovdur.