İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Beşinci yarış günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Vasif Bağırov (57 kq) türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya da heç bir şans tanımayıb – 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlı Nika Zanqaladzeylə güləşəcək.

Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimal fərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı Lazare Qujaraidzeyə “tuş”la uduzub.

İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Remzi Temura məğlub olub – 0:4.

Muradxan Omarov (79 kq) türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabıyla qalib gələrək yarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevi çətinlik çəkmədən məyus edib – 11:0. Omarov sabah finalda gürcüstanlı Davit Çetçelaşviliylə qarşılaşacaq.

Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiylə üz-üzə gələcək.